Warner, Universal və Sony süni intellektlə musiqiyə yeni qaydalar gətirir

Warner, Universal və Sony süni intellektlə musiqiyə yeni qaydalar gətirir

Dünyanın ən böyük musiqi şirkətləri olan Warner Music Group, Universal Music Group və Sony Music Entertainment az tanınan Klay Vision adlı startapla süni intellekt üzrə lisenziya razılaşmaları imzalayıblar. Bu, süni intellektin musiqi sənayesinin biznes modelini dəyişdirdiyini göstərən son addımlardan biridir.

Bu açıqlama Warner-in digər iki startapı olan Udio və Stability AI ilə süni intellekt sahəsində imzaladığı razılaşmalardan bir gün sonra paylaşılıb.

Los-Ancelesdə yerləşən Klay Vision-un nə etdiyi və müqavilələrin detalları barədə məlumat çox azdır.

Warner-in açıqlamasına görə, razılaşmalar Klay-ə fanatlar üçün süni intellektlə gücləndirilmiş yeni musiqi təcrübələri yaratmağa imkan verəcək və eyni zamanda sənətçilərin, bəstəkarların və hüquq sahiblərinin hüquqlarını qoruyacaq. Klay lisenziyalı musiqi əsasında “böyük musiqi modeli” hazırlayıb və sənaye ilə birlikdə süni intellektlə yaradılan musiqi üçün lisenziya çərçivəsi qurur.

Süni intellektlə yaradılmış musiqinin sürətlə yayılması musiqi platformalarını doldurur. İstifadəçilərin sadəcə mətn yazaraq mahnı yaratmasına imkan verən sistemlər geniş istifadə olunur. Real həyatda mövcud olmayan süni intellekt “müğənniləri” və “qrupları” da milyonlarla dinlənmə toplayaraq hit-paradlarda yer alıb.

Warner, Universal və Sony keçən il Suno və Udio kimi məşhur süni intellekt musiqi generatorlarını məhkəməyə vermişdi. Onlar bu alətləri musiqiçilərin əsərlərindən icazəsiz istifadə etməkdə ittiham edirdilər. Amma indi tərəflərin danışıqlar yolu ilə anlaşmalar əldə etdiyi görünür.

Warner Udio ilə müəllif hüquqları mübahisəsinin həll olunduğunu da açıqlayıb. Şirkətlər 2026-cı ildə istifadəyə veriləcək lisenziyalı süni intellekt musiqi yaratma xidmətini birlikdə hazırlayacaqlar. Yeni alət istifadəçilərə məşhur sənətçilərin mahnılarını remiks etməyə imkan verəcək.

Maliyyə detalları açıqlanmayıb, lakin Warner bildirir ki, bu model sənətçilərə və bəstəkarlar üçün yeni gəlir mənbələri formalaşdıracaq və onların işlərini qoruyacaq.

Universal Music Group-un keçən ay Udio ilə imzaladığı oxşar razılaşma istifadəçilərin yaratdıqları mahnıları yükləmək imkanını məhdudlaşdırdığı üçün narazılıq yaratmışdı.

Udio qeyd edir ki, yeni xidmət istifadəyə verilənədək “qapalı sistem” olaraq qalacaq. Sənətçi və bəstəkarlar razılıq verərsə, onların səsi və mahnıları ilə edilən remikslərə görə ödəniş alacaqlar və adları göstəriləcək.

Warner bu həftə Stability AI ilə musiqiçilər, bəstəkarlar və prodüserlər üçün peşəkar süni intellekt alətləri hazırladıqlarını da açıqlayıb.

Xəbərlərin təsirindən sonra Nyu-York birjasında Sony-nin səhmləri 2.3 faiz, Warner Music Group-un səhmləri 2 faiz, Universal Music Group-un səhmləri isə 0.3 faiz ucuzlaşıb.