YouTube Sİ videolarına nəzarəti gücləndirir

YouTube Sİ videolarına nəzarəti gücləndirir

YouTube süni intellektlə (Sİ) yaradılan videolar üçün etiketləmə sistemini genişləndirir. Platforma bundan sonra Sİ-dən geniş istifadə edən videoları yalnız kontent müəllifinin açıqlamasına əsaslanmadan avtomatik aşkarlayıb etiketləyəcək.

Sİ ilə yaradılan məzmun daha geniş yayıldıqca və real görüntülərdən ayırmaq çətinləşdikcə, YouTube şəffaflığı artırmağı hədəfləyir. Platforma Sİ etiketlərini daha görünən etməklə izləyicilərin məlumatlılığını yüksəltmək istəyir. Əvvəllər, 2024-cü ildən etibarən yaradıcılardan Sİ istifadəsini açıqlamaq tələb olunurdu. Lakin bu məlumat çox vaxt video təsvirlərində gizli qalır və izləyicilər tərəfindən nəzərdən qaçırılırdı.

Yeni sistemə əsasən, “Sİ ilə yaradılıb” etiketi birbaşa video pleyerin altında, təsvir bölməsinin üstündə görünəcək. YouTube Shorts üçün isə etiket videonun öz üzərində örtük kimi göstəriləcək. Bu, izləyicilərə məzmunun Sİ ilə yaradılıb-yaradılmadığını dərhal anlamağa imkan verəcək.

YouTube vurğulayıb ki, bu etiketlər videonun tövsiyə alqoritmindəki göstəricilərinə və ya monetizasiya uyğunluğuna təsir etməyəcək. Təşəbbüs yaradıcılara cəza vermək üçün deyil, yalnız izləyiciləri məlumatlandırmaq məqsədi daşıyır. Videolarının səhvən Sİ ilə yaradılmış kimi etiketləndiyini düşünən yaradıcılər YouTube Studio vasitəsilə müraciət edərək bu işarənin yenidən nəzərdən keçirilməsini və ya silinməsini tələb edə bilərlər.