ABŞ və Çin bəzi məhsullarda rüsumları azaldır.
Seuldakı ilkin görüşlərdən sonra Pekində bir araya gələn dünyanın ən böyük iki iqtisadiyyatının liderləri qlobal bazarlarda nikbinlik yaradan razılaşmaya imza atıb.
Çin Ticarət Nazirliyinin şənbə günü yaydığı rəsmi açıqlamada kənd təsərrüfatı və aviasiya başda olmaqla, kritik sektorlarda ticarəti genişləndirəcək addımların atılacağı bildirilib.
Nazirliyin açıqlamasına görə, iki ölkənin texniki heyətləri detallar üzrə danışıqları davam etdirərkən, ilk konkret razılaşma sahələri müəyyənləşib.
Xüsusilə kənd təsərrüfatı sektorunda ikitərəfli ticarəti artırmaq məqsədilə müəyyən məhsul qrupları üzrə gömrük rüsumları qarşılıqlı razılıqla azaldılacaq.
Çin ABŞ mənşəli təyyarələrin alınmasına dair planı rəsmən təsdiqləyib. Alınacaq təyyarələrin sayı və markası barədə isə hələlik detal paylaşılmayıb.
Çin tərəfi ABŞ-nin kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı narahatlıq və tələblərini fəal şəkildə həll edəcəyini öhdəsinə götürüb.
Trampın “rüsum” ziddiyyəti
Danışıqlardan sonra mətbuata əks olunan ən diqqətçəkən detal isə ABŞ Prezidenti Donald Trampın açıqlamaları ilə Çin Ticarət Nazirliyinin bəyanatı arasındakı ziddiyyət olub. Cümə günü Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp sammitdə rüsumların gündəmə gəlmədiyini iddia edib.
Tramp “Si Cinpinlə görüşlərimizdə rüsumları müzakirə etmədik. Hazırda onsuz da kifayət qədər yüksək rüsumlar ödəyirlər, amma bunu danışmadıq”, deyib.