Azərbaycan–İran sərhədində yük maşınlarının hərəkəti dayandırıldı
portfel.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan–İran sərhədində yük avtomobillərinin hərəkətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Qərar İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura edilən hücumdan sonra qəbul olunub. Martın 5-də baş verən hücum zamanı pilotsuz uçuş aparatları Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər mülki obyektləri hədəfə alıb.
Hadisə nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına isə ziyan dəyib.
Nazirlər Kabineti bildirib ki, mövcud vəziyyət və beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəzərə alınaraq Azərbaycan–İran dövlət sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələrində yük avtomobillərinin hərəkəti tam şəkildə və müvəqqəti olaraq dayandırılır.
Qərara əsasən, məhdudiyyət yalnız Azərbaycan və İran arasında birbaşa yük daşımalarına deyil, həm də tranzit məqsədilə hərəkət edən yük avtomobillərinə şamil edilir.
Rəsmi açıqlamada qeyd olunub ki, tədbir regionda yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlıdır və vəziyyət sabitləşdikdən sonra məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi mümkün olacaq.
Teqlər: