Bakıda regional iqtisadi gündəm yenidən formalaşır
1-2 iyul 2026-cı il tarixlərində Bakı Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına və Biznes Forumuna ev sahibliyi edəcək. İllik Toplantıda Bankın son dövrdəki fəaliyyəti qiymətləndiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, gələcək prioritetlər və institusional inkişaf planları müəyyənləşdiriləcək.
“Bazarları birləşdirmək, iqtisadiyyatları şaxələndirmək: Azərbaycan regional hab kimi” adlı Biznes Forumu Azərbaycanın iqtisadi inkişaf prioritetlərinə, regional əməkdaşlığın gücləndirilməsinə və BSTDB-nin ölkədə həyata keçirdiyi layihələrə fokuslanacaq. Müzakirələrdə regional əlaqələndirmənin genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmə mexanizmlərinin dayanıqlı artıma təsiri, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas iqtisadi və nəqliyyat habı kimi rolu nəzərdən keçiriləcək.
Tədbirdə təqdimatlar, plenar sessiyalar, biznes müzakirələri, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.
BSTDB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 üzv dövləti tərəfindən yaradılmış çoxtərəfli inkişaf maliyyə institutudur: Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən Bank dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kreditlər, kredit xətləri, investisiyalar, zəmanətlər və ticarət maliyyələşməsi vasitəsilə dayanıqlı iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.