Jackie Chanın filmi Bakıda çəkilişlərə başladı

Jackie Chanın filmi Bakıda çəkilişlərə başladı

Macəra janrında çəkilən “Armour of God: Ultimatum” filminin beynəlxalq heyəti Bakıda yeni çəkiliş mərhələsinə başlayıb. Çəkilişlərin başlanğıcı uğurlu istehsal mərhələsini simvolizə edən xüsusi kino klapının qırılması mərasimi ilə qeyd olunub.

Filmin süjeti “Asiya şahini”nin yeni missiyası üzərində qurulub. O, dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını tapmalıdır. Çəkilişlər bir neçə ölkədə, müxtəlif dövlətlərdən olan aktyor və kino mütəxəssislərinin daxil olduğu beynəlxalq komanda ilə aparılır. Bu layihə franşiza çərçivəsində Qazaxıstan və Çin kino xadimlərinin ilk əməkdaşlığıdır.

“Ultimatum” Jackie Chanın əfsanəvi macəraçı “Asiya şahini” obrazında rol aldığı kult “Armour of God” seriyasının dördüncü hissəsidir. Bakı çəkiliş məkanı kimi bədii konsepsiyaya uyğun seçilib. Çünki hekayənin yeni fəsli Xəzər dənizi ətrafında cərəyan edir və əsas səhnələr paytaxtın müxtəlif məkanlarında çəkilir.

Jackie Chan üçün bu mərhələ xüsusilə əhəmiyyətlidir, çünki o, ilk dəfə Azərbaycanda filmə çəkilir. Aktyor bildirib ki, onun üçün yeni olan ölkədə işləmək xüsusilə həyəcanvericidir.

Azərbaycanda çəkilişlərin istehsal və logistika prosesinə Mədəniyyət Nazirliyi və Kino Agentliyi dəstək verir. Layihəyə yerli kino sənayesindən 100-dən çox mütəxəssis cəlb olunub. Azərbaycanda istehsal və film komissiyası xidmətlərini Filmlab.az həyata keçirir.

“Armour of God: Ultimatum” filminin çəkilişləri 2026-cı ilin payızına qədər davam edəcək. Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.