Körfəzdə gərginlik artır: Tehran Vaşinqtona sərt cavab verdi

Körfəzdə gərginlik artır: Tehran Vaşinqtona sərt cavab verdi

İran İnqilab Keşikçiləri Küveyt və Bahreyndəki ABŞ bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiklərini açıqlayıb. Əməliyyatın ABŞ-nin İranın cənub sahillərinə qarşı son hücumlarına cavab olaraq keçirildiyi bildirilib.

İnqilab Keşikçiləri Küveytdə Əli əs-Salim Hərbi Hava Bazası və Bahreyndə Salman Limanında yerləşən ABŞ Beşinci Donanması da daxil olmaqla, ümumilikdə 8 mühüm ABŞ hərbi obyektinin vurulduğunu bildirib. Hücumun Vaşinqton administrasiyasının İrana qarşı hərbi hücumlarına cavab xarakteri daşıdığı vurğulanıb.

Açıqlamada ABŞ-nin İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin qaydalara əməl etməyən bir gəmiyə müdaxiləsini əsas gətirərək, Hürmüz boğazı sahilindəki 5 İran nöqtəsinə hücum etdiyi ifadə olunub. İran Hürmüz boğazındakı dəniz nəqliyyatının İslamabad Anlaşma Memorandumuna əsasən öz məsuliyyətində olduğunu müdafiə edib və qaydaları pozan gəmilərə qarşı müdaxilələrin sərtləşəcəyi barədə xəbərdarlıq edib.

İnqilab Keşikçilərinin sözçüsü, briqada generalı Hüseyn Muhibbi düşmənin bütün cəhdlərinə cavab verdiklərini və atəşkəs pozuntularına hər dəfə daha sərt qarşılıq veriləcəyini bildirib. Həmçinin İrana qarşı hər hansı hücumun səbəbi və ya hədəfi nə olursa olsun, əzici güclə cavablandırılacağı qeyd edilib.

Küveytdəki raket və PUA hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri işə salınıb, Bahreyndə isə mümkün hücum ehtimalına görə sirenlər çalıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın kommersiya daşımalarına hücumları əsas gətirərək bəzi hədəflərə zərbə endirdiyini bildirib.

İnqilab Keşikçiləri atəşkəsin pozulmasının İslamabad Anlaşma Memorandumunun birinci maddəsinə zidd olduğunu və bunun davam edəcəyi halda bütün proseslərin dayandırılacağını vurğulayıb.