Pentaqonun Kubaya hücum planlarını nəzərdən keçirdiyi iddia olunur

Pentaqonun Kubaya hücum planlarını nəzərdən keçirdiyi iddia olunur

ABŞ Müdafiə Nazirliyinin İranla gərginlik davam edərkən Kubaya qarşı əməliyyat planı variantlarını səssiz şəkildə nəzərdən keçirdiyi iddia edilib. Pentaqon rəsmiləri bildiriblər ki, orduda planlaşdırmaya cavabdeh şəxslər son həftələrdə Kubaya qarşı müxtəlif hərəkət planlarını qiymətləndiriblər. Bu planlar arasında ABŞ-ın 101-ci Hava Desant Diviziyasının rəhbərliyi ilə minlərlə hərbçinin iştirak etdiyi hava hücumları da yer alıb. Lakin bu araşdırmaların ABŞ Prezidenti Donald Trampın və ya Pentaqonun belə bir hücum həyata keçirmək qərarı verdiyi anlamına gəlmədiyi vurğulanıb.

Rəsmilər bildiriblər ki, ABŞ-ın hava və kəşfiyyat imkanlarının Yaxın Şərqdə yerləşdirilməsi, eləcə də İranla artan gərginlik səbəbindən diqqətin hələlik Kubaya yönəldilməsi mümkün görünmür. Həmçinin Trampın İran məsələsində müdafiə naziri Pit Heqsetlə bəzi mövzularda fikir ayrılığı yaşadığı qeyd olunub. Bildirilib ki, o, ilin əvvəlində İranın nüvə proqramını məhdudlaşdırmaq təklifini rədd edərək gərginliyin davam etməsinə səbəb olub. Heqsetin İrana qarşı daha sərt mövqeyi təşviq etdiyi, lakin prosesin uzanması və mürəkkəbləşməsinin Trampı məmnun etmədiyi qeyd edilib.

Ağ Evin sözçüsünün müavini Anna Kelli Trampın Heqset və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin liderliyi ilə qürur duyduğunu bildirib. Pentaqonun mətbuat katibinin səlahiyyətlərini icra edən Coel Valdez isə hipotetik hərbi əməliyyatlar, həmçinin Tramp və Heqsetin özəl görüşləri barədə açıqlama verməyəcəyini deyib.

ABŞ ilə Kuba arasındakı gərginlik Trampın 30 yanvarda Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn mallara gömrük rüsumu tətbiqini nəzərdə tutan prezident fərmanını imzalaması ilə artıb. Ağ Ev bu qərarın Kubanın zərərli hərəkət və siyasətlərinə qarşı milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq məqsədi daşıdığını açıqlayıb. Tramp İrana bənzər şəkildə Kubaya da yönəldiklərini və Havana administrasiyası ilə danışıqlar aparacaqlarını bildirib. Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ-ın ölkəsinə hərbi müdaxilə üçün bəhanə axtardığını deyərək belə bir halda regionun qan gölünə dönəcəyi barədə xəbərdarlıq edib.

ABŞ dövlət katibi Marko Rubio isə 23 iyunda Kuba iqtisadiyyatına nəzarət edən və orduya bağlı GAESA holdinqinə aid şirkətləri sanksiya siyahısına əlavə etdiklərini açıqlayıb. Rubio bu strukturun Kuba xalqının resurslarını oğurlayaraq öz maraqları üçün istifadə etdiyini bildirib.