Rubio İran danışıqlarının yeni tarixini açıqladı

Rubio İran danışıqlarının yeni tarixini açıqladı

ABŞ dövlət katibi Marko Rubio İranla texniki səviyyədə aparılan danışıqlar çərçivəsində heyətlərin gələn həftə yenidən bir araya gələcəyini açıqlayıb. Görüşlərin 29 və ya 30 iyun tarixlərində İsveçrədə keçirilməsi planlaşdırılır. Rubio texniki heyət toplantılarında ABŞ Dövlət Departamenti və Energetika Nazirliyinin rəsmilərinin də iştirak edəcəyini bildirib.

Rubio İranın danışıqlarda verdiyi öhdəliklərə əməl etməli olduğunu vurğulayıb. O, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə ABŞ-ın müxtəlif variantlara malik olduğunu ifadə edib. ABŞ Prezidenti Donald Trampın sanksiyalar da daxil olmaqla fərqli variantların masada olduğunu dediyini bildirib.

Görüşlərin bölgədəki müttəfiqlərin təhlükəsizliyini riskə atacaq addımları ehtiva etməyəcəyi qeyd olunub. Hörmüz boğazının idarə edilməsi ilə bağlı suala cavab verən Rubio beynəlxalq sulardan istifadəyə görə ödəniş tələb edən hər hansı mexanizmə bütün dünyanın qarşı çıxacağını bildirib.

Rubio həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyni əhatə edən Körfəz turu zamanı ABŞ ilə İran arasındakı anlaşma memorandumunu region ölkələri ilə müzakirə edəcəyini açıqlayıb.