Avropada qaz anbarlarında ehtiyatlar 30%-dən aşağı düşüb

Avropada qaz anbarlarında ehtiyatlar 30%-dən aşağı düşüb

Portfel.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra Avropada qaz qiymətləri kəskin artmağa davam edir.

Qlobal enerji tədarükü üçün strateji əhəmiyyət daşıyan Hormuz boğazında kommersiya gəmi trafiki demək olar ki, dayanıb. Bundan əlavə, QatarEnergy şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) kompleksində istehsalın dayanması bazarda əlavə gərginlik yaradıb.

Avropanın əsas qaz qiymət göstəricisi sayılan TTF gas hub platformasında qiymətlər sürətlə yüksəlib. ABŞ və İsrailin İrana hücumlarından əvvəl (27 fevral tarixində) aprel fyuçersləri üzrə qazın qiyməti meqavat-saat üçün 31,95 avro səviyyəsində bağlanmışdı. Hücumların üzərindən keçən bir həftə ərzində qiymətlər 67 faiz artaraq 53,4 avroya yüksəlib.

Gərginliyin daha da artması fonunda qaz qiymətləri bu gün Bakı vaxtı ilə saat 10:00-da 68,5 avro səviyyəsində açılıb. Bu isə əvvəlki həftənin cümə günü bağlanış qiyməti ilə müqayisədə 28,5 faizlik artım deməkdir.

Qaz anbarlarında ehtiyatlar 30%-dən azdır

Qiymətlərin artmasına təsir edən əsas amillərdən biri də Avropanın qaz ehtiyatlarının azalmasıdır. Məlumata görə, qitənin yeraltı qaz anbarlarında doluluq səviyyəsi artıq 30 faizdən aşağı düşüb.

Enerji bazarında risklərin artmasının digər səbəbi isə qlobal LNG tədarükündə Hormuz boğazının strateji roludur. Dünya üzrə LNG ixracının təxminən 20 faizi bu marşrutdan keçir. Ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixracının isə təxminən 93 faizi məhz bu boğaz vasitəsilə dünya bazarlarına çatdırılır.

Məlumata görə, SEPAHın xüsusilə ABŞ və İsrail ilə əlaqəli ticarət gəmilərinə hücumlarından sonra boğazdan keçən gəmilərin sayı kəskin azalıb. Martın 7-nə olan məlumata görə, bu marşrutdan cəmi bir gəmi keçə bilib, neft və LNG daşımaları isə ümumiyyətlə həyata keçirilməyib.

Analitiklər bildirirlər ki, vəziyyət yaxın vaxtlarda normallaşmasa, Avropada enerji qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksəkdir.