İran-ABŞ gərginliyi enerji risklərini artırdı

İran-ABŞ gərginliyi enerji risklərini artırdı

İstinad edilən indekslər:

Bölgədə toqquşmaların yenidən alovlanması ilə İran və ABŞ arasında gərginlik artır. Bu vəziyyət qlobal enerji bazarları üçün ciddi risklər yaradır. Atəşkəsin başa çatdığı barədə açıqlamadan sonrakı 10 gün ərzində tərəflər qarşılıqlı hərbi müdaxilələr həyata keçirib. Bu proses Hörmüz boğazından daşımaları və dünya enerji bazarlarını böyük qeyri-müəyyənliyə sürükləyir.

Hörmüz boğazından keçən gəmi trafiki toqquşmalar səbəbindən azalıb. Gəmilər boğazdan keçərkən transponderlərini söndürür. Son dövrdə boğazdan cəmi 30 gəmi keçib, halbuki toqquşmalardan əvvəl gündəlik gəmi trafiki 100-dən çox idi. ABŞ administrasiyası boğazın açıq olduğunu və ABŞ hərbi mühafizəsi altında milyonlarla barel neftin daşındığını bildirsə də, sahədə risk davam edir.

Neft qiymətləri sürətlə yüksəlir. Brent markalı neftin qiyməti artarkən, ABŞ xam neft fyuçersləri uzun fasilədən sonra ilk dəfə 90 dollar həddini keçib. Hörmüz boğazı gündə təxminən 20,3 milyon barel neftin keçdiyi kritik keçid nöqtəsidir və dünya üzrə dəniz yolu ilə aparılan neft ticarətinin 25 faizini təşkil edir. Xüsusilə Asiya bazarı üçün böyük əhəmiyyət daşıyan bu keçid nöqtəsindəki axsamalar neft təklifinə təsir göstərərək qiymətlərdə ciddi artımlara səbəb ola bilər. Enerji bazarları üzrə ekspertlər mövcud ehtiyat buferlərinin böyük ölçüdə tükəndiyini bildirir. Onların fikrincə, axsamalar davam edərsə, qiymətlər üçrəqəmli səviyyələrə qədər yüksələ bilər.

İran ABŞ və müttəfiqlərinə qarşı cavab zərbəsi endirmək imkanlarını qoruyur. İsrailin ticarət gəmilərinə hücumları narahatlıq yaradıb. Son olaraq Yunanıstan gəmiçilik şirkətinə məxsus gəmi Hörmüz boğazında alışıb. İranın raket və pilotsuz uçuş aparatı hücumları davam edərkən, ABŞ bazalarına hücumlarda daha 3 amerikalı hərbçi həlak olub. ABŞ Prezidenti Tehranın bu hücumların bədəlini ödəyəcəyini bildirib və boğazın İrandan başqa bütün tərəflər üçün açıq olduğunu vurğulayıb.

Regional vasitəçilərin atəşkəs çağırışlarına baxmayaraq, Vaşinqton danışıqların uğursuz ola biləcəyi ehtimalına qarşı hazırlıq görür. İsrail də qısa müddətdə müharibənin genişmiqyaslı münaqişəyə çevrilməsi ehtimalına qarşı tədbir alır. Geosiyasi ekspertlər vəziyyətin nəzarət altında saxlanıldığını, lakin artan gərginlik dövrəsi şəklində irəlilədiyini bildirir. ABŞ-ın seçimlərinin məhdud olduğu qeyd edilir. Vaşinqton ya İranın yorma müharibəsinə dözməli, ya gərginliyi artırmalı, ya da güzəştə getməli olacaq.

Hüömüz boğazında risklər artarkən, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan edib və Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib. Bu boğaz ticarət gəmi trafiki və neft ixracı üçün kritik keçid nöqtəsidir. Hürmüz boğazının bağlanmasından sonra Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki ixrac terminalına boru kəməri ilə neft daşıyıb. Bab əl-Məndəb boğazının bağlanması isə bu daşımaların qarşısını alaraq qlobal təklifdə daha ciddi axsamalara yol aça bilər. Bu vəziyyət qlobal enerji təchizatında yeni böhranlara zəmin yaradır.