ABŞ-da benzin qiymətləri son beş ilin minimumuna düşüb

ABŞ-da benzin qiymətləri son beş ilin minimumuna düşüb

ABŞ-da benzinin orta pərakəndə qiyməti 5 yanvarda bir gallon (3.785 litr) üçün 2,81 dollara enərək təxminən beş ilin ən aşağı səviyyəsinə düşüb. Bu göstərici 2021-ci ilin martından bəri qeydə alınan ən ucuz qiymətdir. Venesuelada prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, hadisə yanacaq qiymətlərinə ciddi təsir göstərməyib. Buna səbəb mövsümi tələbin azalması və neftin qiymətlərinin çoxillik minimumlara yaxın qalmasıdır.

Analitiklər bildirir ki, Venesuelanın neft hasilatı artıq uzun müddətdir ciddi şəkildə zəifləyib və gündəlik 1 milyon bareldən də aşağı səviyyədədir. Böhrandan əvvəl bu rəqəm təxminən 3 milyon barel idi. Sektorun bərpası üçün on milyardlarla dollar investisiya və uzun illər tələb olunur. Buna görə də, hətta ən nikbin ssenaridə belə Venesueladan gələn mümkün əlavə təklif ABŞ-da benzin qiymətlərinə qısa müddətdə hiss olunan təsir göstərməyəcək.

Qiymətlərin ucuzlaşması artıq altıncı həftədir davam edir. Qış aylarında sürücülük aktivliyinin azalması, ABŞ-da yüksək ehtiyatlar və 2025-ci il ərzində neftin ucuzlaşması əsas rol oynayır. Keçən il ərzində WTI markalı neft təxminən 20 faiz, Brent isə 18 faiz ucuzlaşıb. Hazırda yalnız doqquz ştatda benzinin qiyməti gallon üçün 3 dolları keçir və ən bahalı ştat Kaliforniyadır, burada qiymət təxminən 4,25 dollardır. Mütəxəssislər yaz ayları yaxınlaşana qədər qiymətlərin bir qədər də enə biləcəyini istisna etmirlər.