Azərbaycan və Dünya Bankı AZURE enerji layihəsini müzakirə edib

Azərbaycan və Dünya Bankı AZURE enerji layihəsini müzakirə edib

Aprelin 15-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının enerji sektoru üzrə baş mütəxəssisləri və missiya heyəti ilə görüş keçirib.

Görüşdə Dünya Bankının “Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsinin icrası, həmçinin Azərbaycan hökuməti ilə Bank arasında enerji sektorunda həyata keçirilən texniki yardım proqramlarının nəticələri müzakirə olunub.

Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında 30 ildən artıq davam edən əməkdaşlığın ölkənin enerji və inkişaf gündəliyində mühüm rol oynadığını bildirib və bu tərəfdaşlığın strateji inkişaf layihələrinə çevrildiyini qeyd edib.

O, “AZURE” layihəsinin “Masdar” şirkəti tərəfindən inşa edilən 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının milli enerji sisteminə inteqrasiyasını təmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Görüşdə həmçinin Batareya Enerji Saxlama Sistemlərinin (BESS) maliyyələşdirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, bu təşəbbüs şəbəkənin çevikliyinin artırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasda inteqrasiyası və ümumi enerji sisteminin dayanıqlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dünya Bankının nümayəndələri isə Azərbaycanın enerji sektorunda aparılan islahatlardan və əməkdaşlığın nəticələrindən məmnunluqlarını ifadə edərək, elektrik şəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə külək enerjisi layihələrinin inkişafı istiqamətlərində texniki dəstəyin davam etdiriləcəyini bildiriblər.

Görüşdə həmçinin gələcək mərhələdə prioritet investisiya istiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerji layihələrinin genişləndirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Image