Azərbaycanda dövlət qurumlarında rəqəmsallaşmaya cavabdeh şəxslər təyin olunacaq
Azərbaycanda dövlət idarəçiliyində rəqəmsal transformasiyanın daha sistemli və nəticəyönümlü təşkili üçün yeni mexanizm tətbiq olunacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu istiqamətdə konkret institusional dəyişiklikləri nəzərdə tutur.
Sənədə əsasən, 2026-cı ilin iyun ayınadək hər bir dövlət orqanında (qurumunda) rəhbərin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik istiqamətləri üzrə funksiyaların icrasına cavabdeh şəxs müəyyənləşdirilməlidir. Bu proses aidiyyəti qurumlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Yeni yanaşmaya uyğun olaraq, hər bir qurum üçün “ƏFG kartı” təsdiqlənəcək. Həmin kartda xidmətlərin rəqəmsallaşma faizi, qeydə alınan kiberinsidentlərin sayı və digər əsas fəaliyyət göstəriciləri əks olunacaq. Məsul şəxslərin fəaliyyəti məhz bu ƏFG göstəriciləri əsasında rüblük qiymətləndiriləcək. Qiymətləndirmə mexanizminin tətbiqi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xüsusi idarəetmə paneli istismara veriləcək.
Eyni zamanda, təyin olunan məsul şəxslərin vəzifə təlimatları yenilənəcək və onların fəaliyyəti müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndiriləcək. Mükafatlandırma və vəzifədə davamlılıq da hədəflərə çatma səviyyəsindən asılı olacaq.
Fəaliyyət Planı çərçivəsində rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik sahələrində çalışan mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması da nəzərdə tutulur.
Beləliklə, 2026–2028-ci illəri əhatə edən yeni çərçivə dövlət sektorunda rəqəmsallaşma prosesinin ölçülə bilən göstəricilər əsasında idarə olunmasına və icra intizamının gücləndirilməsinə yönəlib.
Əlaqəli Xəbər
Mehriban Əliyeva yeni yaradılmış Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunub
Teqlər: