AzerGold-un 2025-ci il nəticələri: Rekordların arxasında dayanan real uğur nədir?
İstinad edilən indekslər:
Dağ-mədən sektoru uzun illərdir Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi təqdim olunur. Bu baxımdan "AzerGold" QSC-nin 2025-ci il üzrə açıqladığı konsolidə edilmiş maliyyə hesabatı diqqət çəkir, şirkət gəlirlərdə, mənfəətdə və pul ehtiyatlarında ciddi artım nümayiş etdirib.
İlk baxışdan mənzərə olduqca müsbətdir. Lakin maliyyə hesabatlarını yalnız yekun rəqəmlər üzərindən qiymətləndirmək bəzən yanıltıcı ola bilər. Əsas sual bu artım nə qədər şirkətin daxili səmərəliliyinin nəticəsidir, nə qədər isə qlobal qızıl bazarındakı qiymət artımının yaratdığı əlverişli şəraitdir?
Gəlir artımının əsas səbəbi istehsal yox, qiymət faktoru olub
"AzerGold" QSC-nin satış gəlirləri 2024-cü ildəki 182,69 milyon dollardan 2025-ci ildə 266,45 milyon dollara yüksəlib. Bu, 83,76 milyon dollar və ya təxminən 46 faiz artım deməkdir.
Ancaq gəlirin formalaşmasına baxdıqda artımın əsas mənbəyi diqqət çəkir.
Hesabata görə:
- qızılın orta satış qiyməti 37 faiz artıb;
- satış həcmi isə cəmi 4 faiz yüksəlib.
Başqa sözlə, gəlir artımının böyük hissəsi istehsal gücünün genişlənməsi hesabına deyil, dünya bazarında qızıl qiymətlərinin bahalaşması hesabına yaranıb.
Bu fərq vacibdir. Çünki dağ-mədən şirkətlərində uzunmüddətli dayanıqlılıq yalnız yüksək qiymətlərdən deyil, hasilatın artırılması, maya dəyərinin optimallaşdırılması və aktivlərin səmərəli idarə olunmasından asılıdır.
Əgər qızıl qiymətlərindəki artım olmasaydı, 2025-ci ilin maliyyə nəticələrinin eyni səviyyədə olub-olmayacağı əsas suallardan biri olaraq qalır.
Törəmə şirkətlərdə fərqli mənzərə: biri yüksəlir, digəri zəifləyir
Konsolidə edilmiş hesabat "AzerGold" qrupunun törəmə müəssisələri üzrə də fərqli dinamika göstərir.
Törəmə müəssisə20242025DəyişiklikAzerBlast MMC-1,43 mln. dollar+1,83 mln. dollarMənfəətə keçidDaşkəsən Dəmir Filiz MMC-0,52 mln. dollar-1,36 mln. dollarZərər 162,6% artıb
"AzerBlast" MMC-nin zərərdən mənfəətə keçməsi müsbət göstəricidir. Nəzarət olunmayan iştirak payının nəticəsinin də 896 min dollar müsbət istiqamətə dəyişməsi qrup daxilində bəzi layihələrin bərpasını göstərir.
Lakin digər tərəfdən "Daşkəsən Dəmir Filiz" MMC üzrə vəziyyət narahatlıq doğurur. Şirkətin zərərinin bir il ərzində 162,6 faiz artması dəmir filizi istiqamətində gözləntilərin və faktiki nəticələrin fərqli olduğunu göstərir.
Bu isə "AzerGold"un diversifikasiya strategiyası ilə bağlı əlavə suallar yaradır.
10,43 milyon dollarlıq dəyərsizləşmə: kəşfiyyat portfelində risk siqnalı
Hesabatın ən diqqətçəkən məqamlarından biri 10,43 milyon dollarlıq dəyərsizləşmə zərəridir.
Göydağ, Tutxun, Çaykənd, Kəpəz, Buzluq, Kürəkçay, Narçala, Başkənd, Nəsirvaz və Zod kimi kəşfiyyat aktivləri üzrə dəyər azaldılıb.
Auditor qeyd edir ki, əsas səbəblər ehtiyatlarla bağlı qeyri-müəyyənliklər və lisenziya müddətləri ilə əlaqəlidir.
Bu məqam xüsusilə diqqət çəkir: şirkət 2025-ci ildə yeni kəşfiyyat aktivlərinə 9,17 milyon dollar vəsait yönəltdiyi halda, əvvəlki layihələr üzrə 10,43 milyon dollarlıq dəyər itkisi qeydə alıb.
Bu, kəşfiyyat portfelinin idarə olunması və kapital qoyuluşlarının effektivliyi ilə bağlı suallar yaradır.
Maya dəyəri artır və istehsaldakı artım xərcləri kompensasiya edirmi?
Şirkət maya dəyərinin artımını CIL texnologiyası, mürəkkəb geoloji quruluş və əməliyyat çətinlikləri ilə əlaqələndirir.
Maya dəyəri 12,19 milyon dollar və ya 10,64 faiz artıb. Xüsusilə material xərclərində 7,68 milyon dollarlıq artım qeydə alınıb.
Problem ondadır ki, istehsal həcmi cəmi 4 faiz yüksəldiyi halda material xərclərindəki artım daha yüksək olub.
Bu dinamika hasilatın artırılması ilə xərclərin idarə olunması arasında balansın tam formalaşmadığını göstərir.
Qızıl qiymətləri
Nəticə
"AzerGold"un 2025-ci il nəticələri şübhəsiz ki, maliyyə baxımından güclü görünür. 142,48 milyon dollarlıq EBITDA və 82,06 milyon dollarlıq xalis mənfəət şirkətin tarixində mühüm göstəricilərdir.
Lakin bu nəticələrin arxasında iki fərqli faktor dayanır: şirkətin əməliyyat fəaliyyəti və xarici bazar şərtləri.
Qızıl qiymətlərinin rekord səviyyələrə yaxınlaşdığı dövrdə gəlirlərin artması təbii nəticədir. Əsas sınaq isə qiymətlərin aşağı düşdüyü mərhələdə başlayacaq.
Əgər qlobal qızıl bazarında əlverişli konyuktura zəifləsə, yüksək xərclər, bəzi zərərli aktivlər və kəşfiyyat layihələrindəki risklər şirkətin maliyyə göstəricilərinə necə təsir edəcək?
2025-ci ilin rəqəmləri "AzerGold" üçün uğurlu il təsviri yaradır. Amma uzunmüddətli uğurun göstəricisi yalnız rekord mənfəət deyil, əsas məsələ bu nəticələrin bazar şərtlərindən nə qədər asılı olmadan qoruna bilməsidir.
Teqlər: