NATO-nun müdafiə xərcləri açıqlanıb - SİYAHI
NATO ölkələrinin ümumi müdafiə xərclərinin 2026-cı ildə təxminən yüzdə 11 artaraq 1,81 trilyon dolları aşması gözlənilir. Bu artımla müdafiə xərcləri 2024-cü ildə 1,48 trilyon dollar, 2025-ci ildə isə 1,63 trilyon dollar səviyyəsində olub.
Ən çox müdafiə xərci çəkəcək ölkə ABŞ olacaq. ABŞ-ın 2026-cı il müdafiə büdcəsinin 1,03 trilyon dollar olması və NATO-nun ümumi müdafiə xərclərinin təxminən yüzdə 57-ni təkbaşına qarşılaması proqnozlaşdırılır. ABŞ-ı 147 milyard dollarla Almaniya, 110 milyard dollarla Böyük Britaniya, 80 milyard dollarla Fransa, 57 milyard dollarla İtaliya, 53 milyard dollarla Polşa və 52 milyard dollarla Kanada izləyəcək. Türkiyənin isə 2026-cı il müdafiə xərclərinin təxminən 48 milyard dollar səviyyəsində olacağı təxmin edilir.
Müdafiə xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbəti baxımından ən yüksək göstərici yüzdə 5,33 ilə Litvada olacaq. Bunu yüzdə 5,1 ilə Estoniya, yüzdə 4,92 ilə Latviya, yüzdə 4,68 ilə Polşa, yüzdə 3,65 ilə Yunanıstan, yüzdə 3,49 ilə Danimarka və yüzdə 3,22 ilə İsveç izləyəcək. Türkiyənin müdafiə xərclərinin ÜDM-ə nisbətinin 2026-cı ildə yüzdə 2,85 olacağı proqnozlaşdırılır.
Digər NATO ölkələrinin ÜDM-ə görə müdafiə xərci nisbətləri ABŞ üçün yüzdə 3,17, Almaniya üçün yüzdə 2,69, Fransa üçün yüzdə 2,22, Böyük Britaniya üçün yüzdə 2,56 və İtaliya üçün yüzdə 2,10 olaraq təxmin edilir. NATO üzrə orta göstərici isə yüzdə 2,86 səviyyəsində olacaq. Müdafiəyə ən aşağı pay ayıracaq ölkələr yüzdə 1,61 ilə Sloveniya, ardınca yüzdə 2 ilə Belçika və İspaniya olacaq.
NATO liderləri 2025-ci ildə Haaqada keçirilən sammitdə 2035-ci ilə qədər əsas müdafiə xərclərinə ÜDM-in yüzdə 3,5-nin ayrılmasını hədəfləyiblər. Onlar həmçinin mülki hazırlıq, dayanıqlılıq, innovasiyanın dəstəklənməsi, kritik infrastrukturun qorunması və müdafiə sənayesinin gücləndirilməsi üçün ÜDM-in yüzdə 1,5-nin ayrılması barədə razılığa gəliblər. 2026-cı ildə 17 NATO üzvünün müdafiə və təhlükəsizliklə bağlı investisiyalarının ÜDM-in yüzdə 1,5-i hədəfinə çatması gözlənilir.
Teqlər: