Qazaxıstan Mərkəzi Bankı kriptovalyutalara investisiya planlaşdırır
xarici KİV-ə istinadən portfel.az xəbər verir ki, Qazaxıstanın Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarının bir hissəsini kriptovalyuta aktivlərinə yatırmağı planlaşdırır.
Bankın rəhbəri Timur Suleimenov bildirib ki, qurum bu məqsədlə 350 milyon dollara qədər investisiya portfeli formalaşdırıb. Bu vəsait ölkənin qızıl və xarici valyuta ehtiyatları hesabına ayrılacaq.
Onun sözlərinə görə, bank yalnız kriptovalyutalara deyil, həm də rəqəmsal aktivlər və kriptovalyuta infrastrukturu ilə bağlı texnologiya şirkətlərinə, indeks fondlarına və digər maliyyə alətlərinə investisiya imkanlarını nəzərdən keçirir.
Qazaxıstan Mərkəzi Bankının sədr müavini Aliya Moldabekova isə bildirib ki, investisiyaların aprel–may aylarında başlanması planlaşdırılır. O qeyd edib ki, bu addım böyük həcmdə kriptovalyuta alışı anlamına gəlmir və əsas məqsəd rəqəmsal aktiv ekosistemi ilə bağlı şirkətlərə investisiya etməkdir.
Rəsmi məlumatlara görə, 1 fevral 2026-cı il tarixinə Qazaxıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 69,4 milyard dollar, ölkənin Milli Fondunun aktivləri isə 65,23 milyard dollar təşkil edib.
Analitiklərin fikrincə, bu addım Qazaxıstanın maliyyə ehtiyatlarının bir hissəsini rəqəmsal aktivlər və yeni texnologiyalar sektoruna diversifikasiya etmək strategiyasının tərkib hissəsi ola bilər.
Teqlər: