Azeri Light neftinin qiyməti 95 dollara yaxınlaşdı
portfel.az xəbər verir ki, Azərbaycanın əsas ixrac markası olan Azeri Light nefti qlobal enerji bazarlarında sürətlə bahalaşaraq son illərin ən yüksək səviyyələrinə yaxınlaşıb.
Son məlumatlara görə, 7 mart 2026-cı il tarixində İtaliyanın Augusta limanında Azeri Light neftinin CIF qiyməti 6,72 dollar və ya 7,64% artaraq 94,62 dollar/barel səviyyəsinə çatıb. Türkiyənin Ceyhan limanında isə FOB qiyməti 6,81 dollar (8,14%) yüksələrək 90,50 dollar/barel olub.
Eyni zamanda qlobal etalon neft markası olan Brent Crude də yüksəlişini davam etdirərək 94,20 dollar/barel səviyyəsinə qalxıb. Beləliklə, Azeri Light neftinin qiyməti cəmi bir həftə ərzində təxminən 27 dollar artıb.
Əlaqəli Xəbər
Brent markalı neft 90 dolları keçdi
Xatırladaq ki, 2026-cı il dövlət büdcəsi neftin orta qiyməti 65 dollar/barel səviyyəsi əsasında hesablanıb. Hazırkı qiymətlər bu səviyyədən təxminən 45% yüksəkdir, bu isə dövlət gəlirlərində əlavə artım və yeni infrastruktur layihələri üçün maliyyə imkanlarının genişlənməsi deməkdir.
Tarixi göstəricilərə görə, Azeri Light neftinin ən yüksək qiyməti 2008-ci ilin iyulunda 149,66 dollar/barel, ən aşağı qiyməti isə 2020-ci ilin aprelində 15,81 dollar/barel olub.